Niderlandda hökumət böhranı ilə nəticələnə biləcək siyasi fikir ayrılıqları aradan qaldırılıb. Baş nazir Rob Jetten və koalisiya tərəfdaşları arasında aparılan danışıqlardan sonra hökumətin istefasının qarşısı alınıb.
VOİCEPRESS-in NOS telekanalına istinadən verdiyi məlumata görə, baş nazir Rob Jetten, onun müavinləri Dilan Yeşilgöz-Zegerius və Bart van den Brink arasında təxminən yeddi saat davam edən təcili danışıqlar nəticəsində razılıq əldə olunub.
Böhran hökumətin 2027-ci il üçün vergi islahatları planı ətrafında yaranıb. Mübahisələrə səbəb işləyən vətəndaşların vergi yükünün azaldılması, eyni zamanda yüksək gəlirli və varlı şəxslərin vergilərinin artırılması ilə bağlı təkliflər olub.
Hakim koalisiyanın üzvü olan Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası (VVD) vergi planına qarşı çıxıb. Bununla belə, koalisiyanın digər tərəfdaşları – Demokratlar 66 (D66) və Xristian Demokratlar (CDA) müxalifətin təklif etdiyi dəyişiklikləri dəstəkləyiblər.
Noyabrın 12-də Niderland parlamentinin aşağı palatası 2027-ci il üçün vergi planını 76 lehinə, 74 əleyhinə səslə qəbul edib. VVD-nin sənədin əleyhinə səs verməsi hakim koalisiya daxilində ciddi narazılığa səbəb olub.
Yaranmış vəziyyət hökumətin dağılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını gündəmə gətirmişdi.
Lakin aparılan danışıqlardan sonra VVD-nin hakim koalisiyada qalması barədə razılıq əldə edilib. Beləliklə, Niderland hökuməti hələlik siyasi böhrandan çıxaraq fəaliyyətini davam etdirmək imkanı qazanıb.
Razılaşmanın əlavə təfərrüatlarının Baş nazir Rob Jettenin keçirdiyi mətbuat konfransında açıqlanacağı bildirilib.
VOİCEPRESS