“Anthropic” şirkətinin 1,4 trilyon dollar dəyərində qiymətləndirmə ilə həyata keçirməyi planlaşdırdığı ilkin kütləvi səhm təklifi investorların süni intellekt sektoruna marağının qiymətləndirilməsi baxımından mühüm göstərici olacaq.
VOİCEPRESS xəbər verir ki, ABŞ fond bazarlarında əsas tendensiya süni intellekt şirkətlərinin səhmlərinə marağın yenidən güclənməsi olub. Bu sahəyə dair nikbin gözləntilərin artması fonunda “Nasdaq 100” indeksi 2,3 faiz, “S&P 500” indeksi isə 1,3 faiz yüksəlib. Avropa fond bazarlarında da səhmlərin qiyməti rekord səviyyələrə çatıb.
“CoreWeave” şirkətinin maliyyə göstəricilərinə dair müsbət proqnozlarından sonra səhmlərinin 25 faiz bahalaşması, “OpenAI” şirkətinin rüblük gəlirinin 10 milyard dollara çatması və “Anthropic” şirkətinin ilkin kütləvi səhm təklifinə nəzərdə tutulan həcmdən bir neçə dəfə çox tələb daxil olması texnologiya sektorunun səhmlərinə müsbət təsir göstərib. Bununla yanaşı, gözləntiləri üstələyən inflyasiya göstəriciləri FED-in faiz dərəcələrini artıracağına dair ehtimalları gücləndirib.
ABŞ-də Veteranlar Günü ilə əlaqədar istiqraz bazarında nağd əməliyyatlar aparılmasa da, istiqraz fyuçersləri ucuzlaşıb. ABŞ dolları 2025-ci ilin may ayından bəri ən yüksək səviyyəsinə yüksəlib. Neftin qiyməti isə İran müharibəsinin başa çatması ehtimalı ilə bağlı ziddiyyətli siqnallar fonunda artıb. Fond indeksləri üzrə fyuçers göstəriciləri ABŞ bazarlarında enişin, Avropada isə yüksəlişin davam edəcəyinə işarə edir. ABŞ bazarlarında satış təzyiqinin əsas səbəblərindən biri “Nvidia” şirkətinin rəhbərliyi ətrafında yaranan qeyri-müəyyənlik olub.
Belə ki, şirkətin baş icraçı direktoru Censen Huangın vəzifəsindən ayrıla biləcəyi ehtimalı fonunda “Nvidia” səhmlərinin qiyməti ticarətin son saatlarında 10 faizədək ucuzlaşıb.
Ardıcıl üç günlük yüksəlişdən sonra “MSCI Asia Pacific” indeksi də 0,5 faiz geriləyib. “Nvidia”nın süni intellekt ekosistemindəki mərkəzi mövqeyi nəzərə alınaraq, şirkətdə mümkün rəhbərlik dəyişikliyinin yalnız onun özünə deyil, həm də cari ildə qlobal səhm bazarlarındakı yüksəlişin mühüm hərəkətverici qüvvələrindən biri olan süni intellekt sektoruna mənfi təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar artıb.
“Allspring Global Investments” şirkətinin portfel meneceri Qəri Tan bildirib ki, “Nvidia” ilə bağlı son hadisələr süni intellekt sektoruna investorların ümumi münasibətinə mənfi təsir göstərə bilər. Bununla belə, o qeyd edib ki, əsas süni intellekt çipləri sahəsində etibarlı alternativlər təklif edə biləcək yarımkeçirici istehsalçıları arasında seçici investisiya imkanları yarana bilər.
“Bloomberg”in strateqi Qarfild Reynolds da “Nvidia”nın sektorun maliyyələşdirilməsində mühüm roluna diqqət çəkərək, şirkətdə qəfil rəhbərlik dəyişikliyinin yarada biləcəyi risklərin onun hüdudlarını aşacağını bildirib.
Bazarlara təzyiq göstərən digər mühüm amil FED-in daha sərt pul siyasəti həyata keçirəcəyi ilə bağlı gözləntilər olub. İnvestorlar gələn ay faiz dərəcəsinin 25 baza bəndi artırılması ehtimalını 100 faiz səviyyəsində qiymətləndirirlər. Faiz dərəcəsinin 50 baza bəndi artırılması ehtimalına isə daha aşağı qiymət verilir.
ABŞ dolları əvvəlki gün qeydə alınan son 18 ayın maksimumuna yaxın səviyyədə ticarət olunub. “Nvidia” ilə bağlı risklər investorların daha təhlükəsiz aktivlərə yönəlməsinə səbəb olub. Nəticədə ABŞ dövlət istiqrazlarına tələbat artıb. Belə ki, 10 illik istiqrazların gəlirliliyi 1 baza bəndi azalaraq 4,98 faizə, 30 illik istiqrazların gəlirliliyi isə 3 baza bəndinədək geriləyərək 5,32 faizə düşüb.
Neftin qiyməti isə Yaxın Şərqdə hasilatın artması, İranla ABŞ arasında qarşıdurmanın məhdud xarakter daşıması fonunda təxminən son iki ayın minimum səviyyəsinə yaxınlaşıb.
VOİCEPRESS