Yol-nəqliyyat hadisələri zamanı insan həyatının itirilməsi və ağır xəsarətlərin alınması ilə nəticələnən faciələrin qarşısının alınmasında təhlükəsizlik kəmərindən istifadənin xüsusi əhəmiyyəti var. Təəssüf ki, sürücü və sərnişinlərin bir qismi hələ də bu vacib təhlükəsizlik vasitəsinə laqeyd yanaşır. Statistik göstəricilər isə məsələnin nə qədər ciddi olduğunu ortaya qoyur.
2026-cı ilin ilk 10 ayı ərzində yol-nəqliyyat hadisələrində həlak olan sürücü və sərnişinlərin 32,1 faizi, yaralananların isə 30,9 faizi təhlükəsizlik kəmərindən istifadə etməyən şəxslər olub. Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib. Rəqəmlər ilk baxışdan sadəcə statistik göstəricilər təsiri bağışlasa da, əslində onların arxasında insan taleləri, yarımçıq qalan arzular, dağılan ailələr və ömürlük peşmanlıqlar dayanır. Xüsusilə həlak olan və xəsarət alan şəxslərin əhəmiyyətli hissəsinin təhlükəsizlik kəmərindən istifadə etməməsi bu məsələyə münasibətin dəyişdirilməsinin vacibliyini göstərir.
Təhlükəsizlik kəməri formal tələb deyil, həyat təminatıdır
Təhlükəsizlik kəmərinin əsas funksiyası qəza zamanı sürücü və sərnişinlərin avtomobilin daxilində hərəkət edən qüvvənin təsiri ilə yerindən çıxmasının, salonun sərt hissələrinə çırpılmasının və avtomobildən kənara atılmasının qarşısını almağa kömək etməkdir. Qəza baş verdikdə avtomobil qəfil dayanır, aşır və ya istiqamətini dəyişir. Bu zaman avtomobildə kəmərsiz əyləşən şəxsin bədəni hərəkətini davam etdirir. Nəticədə baş, döş qəfəsi və digər bədən nahiyələrinin ağır xəsarət alması riski artır. Təhlükəsizlik kəməri isə insanı oturacaqda saxlayaraq qəza zamanı bədənə təsir edən qüvvənin daha düzgün paylanmasına kömək edir. Bu vasitə bütün hallarda ölüm və xəsarət riskini aradan qaldırmasa da, onların ağırlığını əhəmiyyətli dərəcədə azalda bilər. Məhz buna görə də təhlükəsizlik kəmərindən istifadə bir neçə saniyəlik formal hərəkət kimi deyil, hər səfərin ayrılmaz təhlükəsizlik qaydası kimi qəbul edilməlidir.
Şəmkirdə baş verən faciə bir daha düşündürməlidir
Noyabrın 11-də Şəmkir rayonunun Qılıncbəyli kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi təhlükəsizlik məsələsinin nə qədər həyati əhəmiyyət daşıdığını bir daha gündəmə gətirib. Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, kənd sakininin idarə etdiyi “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına yuvarlanıb. Hadisə nəticəsində sürücü və sərnişin hadisə yerində həyatını itirib, digər sərnişin isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Baş Dövlət Yol Polisi İdarəsi hadisənin təhlili ilə bağlı bildirib ki, avtomobildə təhlükəsizlik kəmərindən istifadə edilsəydi, qəzanın nəticələrinin ağırlığı əhəmiyyətli dərəcədə azala bilərdi. Təbii ki, hər bir yol-nəqliyyat hadisəsinin nəticələrinə təsir edən müxtəlif amillər var. Lakin bu faciə bir daha göstərir ki, təhlükəsizlik tədbirlərinə laqeyd yanaşmaq insan həyatı üçün ciddi risk yaradır. İki gəncin həyatını itirməsi, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən belə hadisələr yalnız bir ailənin deyil, bütövlükdə cəmiyyətin faciəsidir. Hər birimizin anlamalı olduğu əsas məqam budur: yola çıxarkən təhlükəsizlik qaydalarına əməl etmək təkcə öz həyatımıza deyil, yanımızda olan insanların taleyinə də təsir edir.
Məsuliyyət yalnız sürücünün üzərinə düşmür
Təhlükəsizlik kəmərindən istifadə ilə bağlı ən çox rast gəlinən yanlış yanaşmalardan biri bunun yalnız sürücünün məsuliyyəti hesab edilməsidir. Halbuki avtomobildə əyləşən hər bir şəxs öz təhlükəsizliyinin təmin edilməsində məsuliyyət daşıyır. Sürücü avtomobili hərəkətə gətirməzdən əvvəl sərnişinlərin də təhlükəsizlik kəmərlərini bağlamasına əmin olmalıdır. Sərnişinlər isə məsafənin qısa olmasını, aşağı sürətlə hərəkəti və ya sürücünün təcrübəsini əsas gətirərək bu qaydanı pozmamalıdırlar. Çünki yol qəzasının nə zaman və hansı şəraitdə baş verəcəyini əvvəlcədən müəyyənləşdirmək mümkün deyil. Bəzən qəzanın baş verməsi üçün bir neçə saniyə kifayət edir. Həmin anda təhlükəsizlik kəmərinin olub-olmaması isə insanın aldığı xəsarətin ağırlığına təsir göstərə bilər. Digər mühüm məqam arxa oturacaqda əyləşən sərnişinlərin də təhlükəsizlik kəmərindən istifadə etməsidir. Arxa oturacaqda olmaq qəza zamanı təhlükəsizliyə tam zəmanət vermir. Kəmərsiz sərnişin qəza zamanı həm özü, həm də avtomobildəki digər şəxslər üçün əlavə təhlükə yarada bilər.
Maarifləndirmə və şəxsi məsuliyyət gücləndirilməlidir
Statistik göstəricilər göstərir ki, təhlükəsizlik kəmərindən istifadə məsələsi yalnız inzibati nəzarətlə həll edilə biləcək problem deyil. Burada əsas məsələ insanların davranışında və təhlükəsizlik mədəniyyətində dəyişiklik yaratmaqdır. Bu istiqamətdə maarifləndirmə tədbirlərinin davamlı keçirilməsi, xüsusilə gənc sürücülər arasında təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması vacibdir. Sosial şəbəkələrdə, televiziya və digər informasiya vasitələrində yayımlanan maarifləndirici materiallar da insanların diqqətini bu məsələyə yönəldə bilər. Eyni zamanda, valideynlərin uşaqlara avtomobildə təhlükəsizlik qaydalarını kiçik yaşlardan öyrətməsi mühüm əhəmiyyət daşıyır. Təhlükəsizlik kəmərindən istifadə ailə daxilində adi və müzakirəsiz bir vərdişə çevrilməlidir. Yol hərəkəti təhlükəsizliyi yalnız dövlət qurumlarının deyil, hər bir yol hərəkəti iştirakçısının məsuliyyətidir. Qaydalara əməl etmək, sükan arxasında diqqətli olmaq, sürət həddini aşmamaq və təhlükəsizlik kəmərindən istifadə etmək bir-birini tamamlayan vacib amillərdir.
Bir neçə saniyəlik laqeydlik ömürlük peşmanlığa çevrilməsin
Yol-nəqliyyat hadisələri zamanı itirilən hər bir həyat cəmiyyət üçün ağır itkidir. Heç kim evdən çıxarkən bunun sonuncu səfəri olacağını düşünmür. Hər kəsin qayıtmalı olduğu bir ev, yolunu gözləyən doğmaları, gerçəkləşdirmək istədiyi arzuları var. Təhlükəsizlik kəmərindən istifadə etmək isə həmin arzuların yarımçıq qalmaması üçün atıla biləcək ən sadə və vacib addımlardan biridir. 2026-cı ilin ilk 10 ayına dair açıqlanan rəqəmlər hər bir sürücü və sərnişin üçün ciddi xəbərdarlıq olmalıdır. Təhlükəsizlik kəmərini bağlamaq üçün bir neçə saniyə kifayətdir. Lakin həmin saniyələr bəzən insanın həyatını xilas edə bilər.Unutmayaq ki, yol hərəkəti qaydalarına əməl etmək yalnız cərimədən yayınmaq deyil, özümüzün və başqalarının həyatına hörmət etmək deməkdir.
Arzular yarımçıq qalmasın! Sükan arxasına keçərkən də, sərnişin oturacağına əyləşərkən də təhlükəsizlik kəmərini bağlamağı unutmayın. Çünki sizi gözləyənlər var!
Aysel İsgəndərova
VOİCEPRESS